AZE | RUS | ENG |


Ukrayna üçün Marşall planı

Ukrayna üçün Marşall planı
Plan gələn ay “Şərq tərəfdaşlığı” sammitində təqdim olunacaq

"Şərq tərəfdaşlığı” sammitinin noyabrda Brüsseldə keçiriləcək sammitində Ukrayna üçün yeni bir plan təqdim olunacaq. "Ukrayna üçün yeni investisiya - Avropa planı” adlanan sənəddə söhbət maliyyə dəstəyindən gedir. Lakin məsələ ondadır ki, iqtisadi inkişaf üçün təkan rolunu oynayacaq planın təsdiq olunmasında Avropanın əhval-ruhiyyəsi və Ukraynadakı vəziyyət mühüm rol oynayacaq. Kiyevə kömək barədə söhbətlər 2014-cü ildən gedir. O zaman bu yardım ABŞ-ın bir vaxtlar Avropanı xilas etdiyi Marşall planı ilə eyniləşdirilmişdi. "Maydan” hərəkatından sonra maliyyə yardımı haqqında plan təxirə düşdü. Son üç il ərzində Ukrayna Qərb və dünyanın maliyyə institutları tərəfindən elə də ciddi yardımlar almadı. Təqribən 20 mlrd. dollar kredit aldı və elə o həcmdə də müxtəlif borc öhdəliklərini yerinə yetirdi. Marşall planı barədə isə bu ilin martında danışılmağa başlanılıb. Avropa Xalq Partiyasının Maltada keçirilən toplantısında Avropa İttifaqı və digər üzv olmayan dövlətlərdən Ukraynaya maliyyə yardımı ayrılması barədə qətnamə qəbul edildi. Tədbirdə çıxış edən prezident Petro Poroşenko avropalı tərəfdaşları Ukrayna üçün Marşall planının tez bir zamanda reallaşmasına çağırdı. Bu yaxınlarda bəlli olub ki, sənədin adı "Ukrayna üçün yeni investisiya - Avropa planı” adlanacaq. Onun müəllifi isə Litvanın keçmiş baş naziri Andryus Kubilyusdur. 

"Biz belə bir qənaətə gəlmişik ki, Rusiyanın əsas məqsədi Ukraynaya uğurlu dövlətə çevrilməsinin qarşısını almaqdır. Rusiya Ukraynanın uğur qazanmasını əsas təhlükə kimi nəzərdən keçirir” deyə planın müəllifi bildirib. Onun sözlərinə görə, əsas məsələ bu təhlükənin güclənməsinə yol verməməkdir. Ukraynaya yardımın həcmi də müəyyən edilib – Avropa İttifaqının illik büdcəsinin 3 faizi. Bu isə təqribən 30 mlrd. avro deməkdir. Ukrayna baş nazirinin müavini Stepan Kubiv proqramın 10 il üçün nəzərdə tutulduğunu bildirib. İl ərzində 5 mlrd. avro maliyyə axını isə Ukrayna ümumdaxili məhsulunun həcmini 6-8 faiz artırmağa imkan verə bilər.

Lakin əksəriyyət bu qənaətdədir ki, Rusiya nəyin bahasına olursa-olsun Ukraynanın çiçəklənməsinə imkan verməyəcək. Məsələn, "Şimal axını-2” layihəsi məhz bu məqsədlə irəli sürülüb. Burada hədəf Ukraynanın tranzit ölkə imkanlarını minimuma endirməkdir.

Rusiya ilə münasibətlərdə normallaşma hələ uzun zaman olmayacaq. Çünki hazırda da tərəflər bir-birini ittiham etməkdə davam edirlər. Bu dəfə Kiyev Moskvanı ona qarşı silahlı mübarizəyə hazırlaşmaqda ittiham edib. Ukrayna Silahlı Qüvvələri baş qərargahının rəhbəri Viktor Mujenko bildirib ki, Moskva verdiyi vədə xilaf olaraq Belarusda keçirdiyi manevrlərdən sonra orada özünün qoşun hissələrini saxlayıb. Viktor Mujenkonun Reuters agentliyinə müsahibədə verdiyi bu bəyanat Moskva və Kiyev arasındakı gərginliyi daha da artıra bilər. Bu iddia habelə Belarus Müdafiə Nazirliyinin sentyabrın 28-də verdiyi xəbərlə ziddiyyət təşkil edir. Nazirlik rəsmi açıqlamasında bildirmişdi ki, "Zapad 2017” hərbi təlimlərində iştirak edən Rusiya hərbçilərinin son eşelonu Belarusu sentyabrın 28-də tərk edib. Mujenko deyib ki, "bizdə olan informasiyaya görə onlar bəyan edilmiş 12500 hərbçinin yalnız kiçik bir hissəsini Belarusdan çıxarıblar”. Mujenko bunu da əlavə edib ki, Moskvanın Belarus ərazisində 3000 hərbçisinin olduğunu iddia etməsinə baxmayaraq, əsl rəqəm bundan yüksəkdir. Sentyabrın 14-20-də Belarusda və Rusiyanın qərb regionlarında keçirilən böyük hərbi manevrlər NATO ölkələrini ciddi narahat edirdi. Moskva və Minsk bu hərbi təlimlərdə hər iki ölkədən 12700 hərbçinin iştirak etdiyini bildirsələr də, Qərb rəsmiləri əslində söhbətin 100 min əsgərdən getdiyini deyirdilər. Belarus prezidenti Aleksandr Lukaşenko təlimlərin son günündə bəyan etmişdi ki, manevrlərdən sonra bütün Rusiya hərbçiləri ölkəni tərk edəcəklər. 

Öz növbəsində Ukraynanın "Korrespondent” nəşri maraqlı bir analiz aparıb. Nəşr bu qənaətə gəlib ki, dünyada fırıldaqçı imici ilə tanınan Corc Soros növbəti dəfə Ukraynada vəziyyəti dəyişməyə çalışır. Nəşr yazır ki, əcnəbi investorlar və lobbistlər artıq Ukraynadakı mövcud rejimi dəyişmək barədə ssenarilər hazırlayıblar. Məqsəd isə daha sözəbaxan bir Ukrayna qazanmaqdır. Nəşr yazır ki, M.Saakaşvilinin Ukraynaya dönüşü də bu layihənin bir hissəsidir. Sorosla bağlı Amerika cəmiyyətində qızğın mübarizə getdiyi iddia edilir. "Vaşinqtonun nüfuz dairəsinə daxil edilən Ukrayna da digər dövlətlər kimi, həmin qruplaşmalar arasında gedən mübarizənin girovuna çevrilib”, - deyə məqalədə iddia edilib.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000