AZE | RUS | ENG |


Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümünün açılışı oldu

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümünün açılışı oldu
Əbülfəs Qarayev: “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub”

Noyabrın 22-si Azərbaycanın üçüncü böyük şəhəri hesab edilən Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümü idi. Bu münasibətlə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı qeyd olundu. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da iştirak etdiyi tədbir əvvəlcə Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoymaqla başladı. Daha sonra Sumqayıt Dövlət Dram Teatrının açılış mərasiminə start verildi. Teatrın 48-ci mövsümünün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirildi. 
Bildiyiniz kimi, teatrın tamaşa göstərmək üçün binası olsa da, orada texniki avadanlıqlar və istilik sistemi işləmirdi. İndi isə teatrın binası.
Mədəniyyət və Turizm naziri və İcra hakimiyyətinin başçısı əvvəlcə əsaslı şəkildə təmir olunmuş və ən müasir avadanlıqlarla təchiz edilmiş teatr binasının konfrans zalına, iş, qrim və məşq otaqlarına baxdılar. Sonra səhnəyə çıxıb tədbir iştirakçıları ilə öz təəssüratlarını bölüşdülər. Əslində ilk dəfə idi ki, Sumqayıt Teatrını belə dolub-daşan görürdük. Hətta lojalarda da oturmağa yer qalmamışdı. Tədbirdə Azərbaycan teatr camesinin görkəmli nümayəndələri, Sumqayıt şəhərinin ziyalıları iştirak edirdilər.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırdı. O, ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini dedi. Bildirdi ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır: "Sumqayıt Teatrının məskən saldığı bu bina 1957-ci ildə tikilib. Binanın tikilişi Sumqayıtda müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdu. Bu illər ərzində teatrımız şərəfli yol keçərək günümüzə qədər gəlib çıxıb. Teatrda çalışan yaradıcı heyətimiz də biri-birindən maraqlı obrazları ilə teatra rəng qatıblar. Binada bu günə qədər heç bir əsaslı təmir işləri aparılmadığından buranı zirzəmidən dam örtüyünə qədər yenidən qurduq. Binanın maddi-texniki bazasını tamamilə dəyişdik. Nəticədə, gördüyünüz kimi gözəl bir bina alındı. 2009-cu ildən bu bina Mədəniyyət və Turizm Nazirliyinin balansındadır”. Çıxışının sonunda Z.Fərəcov sumqayıtlıları təbrik etdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında uzun müddət idi ki, Sumqayıtda olmadığını və şəhərə daxil olanda onu tanımadığını bildirdi: "Şəhərin girişindən bu binaya qədər gəldiyimiz yolda özümü başqa yerdə hiss etdim. Şəhəriniz gözəlləşib, xeyli abadlıq işləri görülüb. Bu işlərin hamısı sumqayıtlıların əziyyəti hesabına ərsəyə gəlib”. Daha sonra nazir Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışaraq, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açdı: "Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxu bu sənət ocağının yetirmələri olub”. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirdi: "Sumqayıtlar bu teatrın qapılarını açaraq tamamilə başqa dünyaya qonaq olacaqlar. Teatr cəmiyyətin aynasıdır. O aynada əks olunan səhnələr bizim hamımız ürəyinə toxunur. Teatrın inkişaf etməsi üçün dövlət proqramı tərtib olunub və bundan əlavə teatrlarımıza maliyyə yardımları göstərilir”.
Nazir həmçinin təmirdən yeni çıxmış teatrda sanballı əsərlərin səhnələşdiriləcəyinə də ümid etdiyini dedi: "Bu cür məkanda maraq doğuran əsərləri səhnələşdirməmək mümkün deyil. Burada müasir tələblərə cavab verən tamaşalar qurulmalıdır. Yaradıcı kollektivə bu gözəl məkanda gözəl yaradıcı mühit formalaşdırmaq bizim üçün sevindirici haldır. Teatr cəmiyyətimizi qabağa aparan bir qüvvədir. Ümid edirəm ki, Sumqayıt camaatı teatra maraq göstərəcək və bundan sonra teatr salonunda boş yerləri görməyəcəyik. Bu məkana gəlib, yeni tamaşaların premyeralarını izləyərək asudə vaxt keçirəcəyik. Danılmaz faktdır ki, bu gün  Azərbaycan teatrı dünyaya inteqrasiya edir və tanınır. Teatrlarımız müxtəlif beynəlxalq festivallarda ölkəmizi  təmsil edirlər”. 
Sonda mətbuat nümayəndələrinə açıqlama verən nazir qeyd etdi ki, Sumqayıt həm asudə vaxtın, həm də mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm obyektləri tikiləcək.
Sonra bir qrup şəhər sakini və mədəniyyət işçisi müxtəlif fəxri adlarla, fəxri fərman və diplomlarla təltif olundu. Əməkdar artist Namis Şirməmmədov çıxış edərək yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.
Təltiflərdən sonra Sumqayıt Teatrının repertuarında yer alan ən maraqlı tamaşalardan biri M.F.Axundzadənin "Hacı Qara” tamaşası təqdim olundu. Sumqayıt teatrının yozumu və aktyor improvizəsi ilə fərqlənən "Hacı Qara”sında baş qəhrəmanın rolunu istedadlı aktyor Akif Mirzəyev oynayırdı. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir. Əsas rolları əməkdar artistlər İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, İlham Səfərli və İlahə Səfərli ifa edirdilər. 
Musiqili satirik-komediya janrında qurulmuş tamaşada mahnı və musiqilər əsərə xüsusi rəng verir, onu daha da baxımlı edirdi. 
 Xəyalə Rəis
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447