AZE | RUS | ENG |


Qadın ruhunun qiyamı

Qadın ruhunun qiyamı

Onu çoxdan tanıyıram.  Səksəninci illərin əvvəllərində, işlədiyim "Azərbaycan” jurnalı redaksiyasına  şeirlər gətirirdi. Qara saçlı, qarayanız bir qızdı, boyca çox da hündür deyildi, yerişində, danışığında bir qətiyyən, rəftarında isə bir incəlik sezilirdi. Mən onu Sumqayıtda keçirilən ədəbi məclislərdə də görmüşdüm. O, şəhərin ədəbi fəallarından biri idi.  Qubadlının Başarat kəndində dünyaya göz açan, Muradxanlı kəndində orta məktəb bitirən Mahirə ömrünün on beş ilini Sumqayıtda keçirib, "Kimyaçı” çoxtirajlı qəzetində  əməkdaşlıq etmiş, məsul katib və redaktor kimi fəaliyyət göstərmiş, ADU-nun jurnalistika fakültəsini qiyabi bitirmiş, Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmiş, sonralar – Bakıya köçəndən sonra "Yazıçı” nəşriyyatında, Respublika "Kitab evi”ndə çalışmış, nəhayət, fəlsəfə üzrə elmlər namizədi olmuş Mahirə Gəncəli qızı Abdulla ilə həqiqi dostluğumuz Yazıçılar Birliyində çalışanda başladı. Birliyə qəbul komissiyasında (o, sədr idi) birgə, üç illik fəaliyyətimizdə mən onu daha yaxından tanıdım. İnadcıl idi, xasiyyətində, xarakterində bəzən heç kişilərdə tapılmayan bir qətiyyət duyulurdu.
İndi budur, Mahirə ömrünün kamillik mərhələsinə qədəm basıb.
Onun yaradıcılığı ilə həmişə maraqlanmışam, təzə kitabları çıxanda həmişə mənə hədiyyə verib. Şeir də yazır, nəsr də (bir neçə maraqlı povesti var), tənqidi məqalələr də, rəsmlərlə cizgilənən yozumlar da…  Amma mən  onu istedadlı, bənzərsiz şair kimi tanıyıram. Ona görə də bu yubiley yazısında mən ondan yalnız şair kimi söz açacağam. "7 ayın ovqatı” və "Qarabağsız şeirlər”” kitabları Mahirənin şeir yaradıcılığının zirvələridir, hər halda, mən belə düşünürəm..
Əziz oxucu, Mahirə Abdulla həmişə ədəbi ictimaiyyətin diqqət mərkəzində olub. İlk şeiri yetmişinci illərdə-Qubadlı rayon qəzetində çap olunan Mahirə səksəninci illərdə "Qoruyaq dünyamızı” adlı ilk şeirlər kitabı ilə oxucuların görüşünə gəldi. Bilmirəm, siz o zaman elə ilk şeirlərində  öz fərdi deyim tərzi ilə seçilmək istəyən bu qızın şeirlərini necə qarşıladınız, amma mən o şeirlərdə bir işıq gördüm. Mahirə yeni əsrimizə qədər dörd kitab çap etdirdi və bu kitablardakı şeirlər onun poeziyada öz cığırını bələdləmək üçün yetərincə bəs elədi. Poeziya aləmində həmişə seçilmək, fərqlənmək, özünü təsdiq etmək çox çətin olur. İlk növbədə, gərək poetik istedada malik olasan ki, bu istedad səni hər maniədən, gözlənilməz və qəfil aşırımlardan qorusun. İkincisi, bu istedadı nəyə sərf etdiyini müəyyənləşdirə biləsən, yəni öz şairlik axarını, istiqamətini dəqiq bəlirləyəsən. Və üçüncüsü, daim axtarışda olasan. Mahirə Abdullanın qəzet və jurnallarda çap olunan şeirlərində, həmçinin şeir kitablarında mən bütün bunların şahidi oldum. Ancaq Mahirənin bir şair kimi tam formalaşması, məncə, ikimininci illərə aiddir. Mahirənin ilk kitablarında şeirlərin əksəriyyəti bir kəndçi qızın hələ də doğmalaşa bilmədiyi şəhərdə keçirdiyi hiss və həyəcanların toplusu kimi diqqəti cəlb edirdi. Mən onun 1981-ci ildə yazdığı bir şeiri xatırlatmaq istəyirəm:
 
          Şəhərlərdə
                    İlin fəsil dönümünü
                            İzləmək çətin.
           Sadə kəndçi qızına
                     göz çəkməyib təqvimdən,
                            ayı-günü saymadan
                            payızdakı toyunu
                            gözləmək çətin.
 
           Bu bomboz kədəri
                                 səbir meydanında
                                   dizləmək çətin.
           Çətindir, çox çətindir!
           Heç olmazsa ağacların
                           qırxmayın başını,
           parklarda ağaclar böyüsün
                      əli uzun, boyu qəlbi.
           Görməsinlər küçələri
                               isti, boğanaq.
           Xəzri ağzımızdan qapmasın,
                           qapmasın sözümüzü.
           Əvvəl təbiəti sevək,
                              sonra özümüzü.
   
 
Günlər və aylar keçdi, Mahirə Abdulla da bu şəhərə alışmalı oldu, hərçənd ki, elə indi də gözü Laçından, Qubadlıdan, Kəlbəcərdən çəkilmir (ondakı ayrılıq aylarla, günlərlə sayılırdı, indi isə bu ayrılığın sonu görünmür). Mahirənin o kitablarındakı şeirlərdə düşüncə, fikir elementləri diqqəti çəkirdi, "fəlsəfi” fikir söyləmək iddiasından uzaq olan bu tipli şeirlərində ürəklə beyin qoşa işləyirdi. Sonralar Mahirə namizədlik dissertasiyası müdafiə edib fəlsəfə elmləri namizədi də oldu, amma qətiyyən "filosof şair” kimi görünmək təşəbbüsündə bulunmadı. O, OVQAT ŞAİRİ oldu. "7 ayın ovqatı”  şeirlər kitabında mən öz poeziyasının yeni bir mərhələsinə daxil olan şairin yaşantılarını gördüm. Öz dediyinə görə Mahirə xanım  bu şeirləri bir ilin, yəqin ki, 2004-cü ilin, on üç il əvvəldə, may-noyabr aylarında qələmə alıb: "Sizə təqdim etdiyim bu kitab əvvəlki doqquz kitabımdan tamamilə fərqlidir. Mən özümə də qəribə və yad görünürəm. Ömrümdə ilk dəfədir içimdə cidarlanmış hiss və duyğularımı açıb azadlığa buraxmışam, demişəm buyam. Lakin çıxılmaz vəziyyətə düşmüşəm. Şeirlərdəki heç zaman işıq üzü görməyən duyğular reallıqla heç uyğun gəlmir”.
Mahirə xanımın şeirləri tənha bir guşəyə çəkilib dərdini, ağrısını göylərə danışan, üzünü Allaha tutan bir şairin kədərli monoloqlarını xatırladır. Bəs bu kədərin mənası, mahiyyəti nədir, hardan gəlir? Bəlkə bunlar tənhalıqdan doğan sıxıntılardır? Bəlkə bunlar şəxsi umu-küsülərdür şeirlərə sızır? Müasir şeirimizdə azmı belə hallara rast gəlməmişik?
 
    "Vətən”, "Vətən” deyib bağıracağam,
    Ruhum tək çıxacaq səsim bədəndən.
 
Məncə, Mahirənin ŞAİR AĞRISINI anlamaq üçün onun bir-iki şeirini oxumaq kifayətdir. Bu şeirlərdən biri "Tariximizi qaralayanlara” adlanır. Şeirdə qəzəblə təəssüf, ümidlə ümidsizlik, ittihamla bəraət bir-birini əvəz edir. Əlbəttə, Yurd itkisindən, itirilmiş torpaq ağrısından nikbin ruhlu şeir yazmaq olmaz. Lakin bu ağrını için-için sızıldamaqla təkrar-təkrar ağıya, mərsiyəyə də çevirmək doğru olmaz. Mahirə xanım başqa bir yol seçib – o, Azərbaycan qadınının müharibə ilə bağlı hiss və həyəcanlarını şeirdə ifadə etməyə çalışıb, müharibənin doğurduğu kədəri və acılıqları sərt püblisistik ittihama çevirib. Adətən, qadın şairlərimiz həmişə öz şeirlərində kişilərə münasibətdə ya onları qeyrət, mərdlik və s. bu qəbildən olan mənəvi sifətlərlə tərənnüm edir, ya da  xəyanətdə, vəfasızlıqda ittiham edirlər. Amma Mahirənin adını çəkdiyimiz şeirində kişilər Vətənin ən ağır günlərində təpərsizliklərinə görə, torpaqlarımız itiriləndən sonra bunun məsuliyyətini tam dərk etmədiklərinə görə suçlu hesab olunurlar.
 
Qadın ruhunun qiyama qalxdığı bu şeirdə müxtəlif mətləblər çözələnsə də, əsəsən  bircə fikir aşılanır ki, Həcər qeyrətli qadınlar Nəbi cəsarətli ərlərin intiqam alacağı günü gözləyirlər. Daha doğrusu, Mahirə xanım bu dövrdə nəbiliyin-cəngavərliyin yoxa çıxdığından gileylənir. Nəinki gileylənir, hətta bu fikri mütləqləşdirir də…Təbii ki, bu şeiri oxuyanların əksəriyyəti şairin fikirləri ilə qeydsiz-şərtsiz razılaşmayacaqlar. Ancaq  nə dəxli var, Mahirə xanımın dediklərində həqiqət var. Elə bir həqiqət ki… bəzən Allaha da üzünü tutub deyə bilərsən ki:
 
      Bircə gün Allahlıq etmək istərəm,
      Arzum, muradım var, yetmək istərəm,
      Öz ata yurduma getmək istərəm.
      Ulu dərgahlara, axır mənzilə
      Belə üzüqara getməyəcəyəm.
 
      Vətənsiz olmaqdır mənim günahım,
      Allahım, inamım, qəlbim, pənahım,
      Torpaq qayıtmasa, yurd qayıtmasa,
      Mən sənə bəndəlik etməyəcəyəm.
 
Amma bu "asilik” anidir, Mahirə bütün şeirlərində Allahın varlığına tapınır və bir şeirində ("Ruhun çovğunu”) dünyanın gərdişindən narazılığını – "daha belə yaşamaq olmaz” dözümsüzlüyünü ifadə edir.
Əziz oxucu, Mahirə xanımın  şeirləri mənə sanki qəzəbini illər boyu içinə yığıb birdən kükrəyən vulkanın ayrı-ayrı qəlpələrini xatırladır. Birdən-birə "vulkan qadın” ifadəsi üzərində dayandım. Bu qəlpələrin hara səpələndiyi artıq sizə məlumdur: laqeydliyin, etinasızlığın, biganəliyin, torpaq itkisinin, vətən ağrısını çəkməyənlərin üzərinə yağır bu qəlpələr. Fikirləşirəm ki, görəsən, bu qəlpələrin təsiri olurmu? Hər halda, şeir təkcə gözəlliyə xidmət eləmir, şeir həm də bu gözəlliyə qəsd edənlərə qarşı üsyandır.
 
                 Yayın ortasında yuxuma qar yağırdı…
                  Kəndim Başarat,
                  Göylərdən asılı yüyrüklər.
                  Başıma tökülürdü
                 Ağappaq pərqu tüklər...
                Körpəliyimin saçları ağarırdı.
 
Belə misralar göydəndüşmə deyil, hər şeirin mayasını təşkil edir.
Elə düşünməyin ki, Mahirə xanımın şeirlərində yalnız qəzəb, hirs  çalarları varsa, həzinlik ola bilməz. Yox, dünyanın ən hirsli, hətta ən inqilabçı qadınında belə zərif bir ürək döyünür.
 
    Sevgim  yazığım gəlməkdən başlayır…
    Sevdikjə qorxu dolur içimə,
    Çalışıram sevməyim.
   Əvvəl acılayıram,
    Sonra acıyıram.
     Şirin-şirin ağrıyır
     Acı yaram.
 
Bu şeri də Mahirə xanım yazıb və mən buna sevgi hisslərinin dramı kimi baxıram.
Bir neçə kəlmə də "Qarağağsız şeirlər” haqqında. Düşündüm: məgər Qarabağsız şeir necə yazıla bilər? Qarabağ dərdlərimizin zirvəsi deyilmi? Ancaq kitabdakı şeirləri sətir-sətir oxuduqdan sonra hər şey bütün çılpaqlığı və görüntüləri ilə mənə aydın oldu: bu şeirlər Qarabağ həsrətilə alışıb-yanan bir ürəyin hıçqırtılarıdır. Müəllif demək istəyir ki, Qarabağsız bizim başımızı dik tutmağa, hünərdən, rəşadətdən danışmağa haqqımız yoxdur. Yalnız torpaqlarımızı işğaldan azad edəndən sonra qürurla yaşaya bilərik. Vətən-Qarabağdan başlayır…
Əlbəttə, yurdla, doğulduğun torpaqla, hətta dünyaya göz açdığın bir evlə bağlı xatirələr nostalgiya yaradır. Keçmiş geri qayıdan deyil, amma ana mehri, ata məhəbbəti, gəzdiyin, dolandığın çöl-çəmən, baxdığın uca dağlar, suyunu içdiyin bulaqlar hər gecə yuxuna gəlirsə, keçmişlə indinin zaman fərqi yoxdu.
Şeirlərindən hiss olunur ki, Mahirə Abdulla təbiətə vaqif şairdir. Ancaq onu "təbiət şairi” kimi təqdim etmək istəməzdim. Təbiət, onun atributları Mahirən şeirlərində fikrin, hissin gücləndircisi rolunu oynayır. Təbiətlə insan hissləri, duyğuları vəhdət təşkil edir. Amma bu vəhdətdə Mahirə bir sıra elə qəfil, gözlənilməz təşbihlər, metaforalar yaradır, burada onun şair təxəyyülü böyük  rol oynayır. Məsələn, Mahirə yağışın yağmağını təsvir edərkən deyir ki, navalçalardan, alabəzək çətirlərin düyün tumanbağından, saçlarımdan, boynumun kəndir yerindən, sinəmdəki əllərindən süzülürdü. Ürəyim üzülürdü. Bu təsvir nigaran bir qəlbin ağrılarını ifadə edir. Başqa bir şeiri:
 
    Külək çırpan qamışlar gülüşər.
    Uçuqdan qəlbimə gün düşər
    səbrim daşlanıb daşar
    tikan çəpərləri aşar.
    Uçuq divarlar arxasında
    böyük azadlıqlar yaşar.
 
Mən Mahirə xanıma yeni yaradıcılıq uğurları arzulayıram. Bir neçə ildir ki, onun nə təzə şeirlərini, nə də yeni kitablarını görürəm.  Amma elə düşünürəm ki, ruhu yenə qiyama hızırdı.
 

  VAQİF   YUSİFLİ
 
filologiya elmləri doktoru
  
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000