AZE | RUS | ENG |


NURLU ŞƏXSİYYƏT

NURLU ŞƏXSİYYƏT
...Mən Ziya Bünyadov müəllimi tanıyırdım. Onu cəmi iki dəfə görmüşəm. Amma bu görüşlərin biri qeyri-adi, taleyimə yazılan gün olub. 1993-cü il idi. Müharibə gedirdi. Bütün bunlarla bərabər, hamımızın yaxşı yadındadır ki, o vaxtlar xalqın az öyrənilmiş tarixinə olan marağı necə artmışdı. Həmin ərəfədə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 130 illiyi tamam olurdu. Atam Əli bəyi çox sevirdi. Əli bəy əslən salyanlıdır və Salyan ərazi cəhətdən bizə — Neftçalaya yaxın olduğu üçün biz Əli bəyi öz həmyerlimiz hesab edirdik. Ona görə də atam İmamverdi Əbilov Əli bəyin 130 illiyini Neftçalada təntənəli şəkildə qeyd etmək qərarına gəlmişdi. Bu məqsədlə o, respublikanın bir sıra görkəmli şəxslərini bu yubileyə dəvət etməyi düşünürdü. Ən əvvəl isə Ziya Bünyadovu. Bu məqsədlə o, Bakıya getdi. Ziya müəllimlə görüşdü. Ziya müəllim məmnuniyyətlə razılıq vermişdi. Ziya müəllimdən başqa atam Yazıçılar İttifaqında, Elmlər Akademiyasında və Əli bəyin ikinci vətəni olan Türkiyənin ölkəmizdəki səfirliyində də olmuşdu. Əli bəyin yubileyində iştirak etmək istəyənlər çox idi.
Atam rayon rəhbərliyi ilə də danışdı və rayonda Əli bəyin yubileyinə hazırlıq başlandı. Qərara alındı ki, qonaqlar çox olduğundan onları gətirmək üçün Bakıya "RAF” avtomobili göndərilsin. Qonaqları gətirmək üçün Bakıya mən gedəcəkdim. 1993-cü ilin 21 mayında sübh tezdən təzə bir "RAF”la Bakıya yola düşdüm. Artıq səhər saat 8-də Elmlər Akademiyasının "İstiqlal” küçəsindəki Rəyasət Heyətinin əzəmətli binasının qarşısında idim. Neftçalaya gələcək qonaqların ikisi akademiyanın qarşısında idi. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev və şair İsa İsmayılzadə. Mən onlarla görüşdüm və bir azdan digər qonaqlar da gəlməyə başladılar. Bəkir Nəbiyev, Qabil, Əzizə Əhmədova, Gülhüseyn Hüseynoğlu, Səyavuş Sərxanlı... Doğrusu, mənim gözüm Ziya müəllimi axtarırdı. O isə yox idi. Mən Bəkir Nəbiyevdən soruşdum ki, bəs Ziya müəllim niyə gəlməyib? Bəkir müəllim dedi ki, o, bizi evinin qarşısında gözləyəcək. Bir azdan türk səfirliyinin məsul işçisi də gəldi. O, özü ilə bir bağlama - 20 ədəd Türkiyədə çap olunan çox nəfis tərtibatlı, qızılı vərəqli, özü ərəbcə olan və türkcə anlamı verilən "Quran” da götürmüşdü. Biz "RAF”a əyləşdik və Bəkir müəllimin bələdçiliyi ilə Ziya müəllimin şəhərin mərkəzində olsa da, sakit, yaşıllıqlarla əhatə olunmuş evinin qarşısına gəldik. Ziya müəllimi uzaqdan görərkən qeyri-ixtiyari sevindim. Nə gizlədim, qorxurdum ki, Ziya müəllim səfərdən imtina edər, axı onun haqqında o qədər qeyri-adi sözlər eşitmişdim... Ziya müəllim bir nəfərlə- geyimi də, görkəmi də qəribə olan, cavan olsa da saçları tamam tökülmüş, sıx, uzun saqqallı bir şəxslə söhbət edirdi. Maşın dayandı. Bəkir Nəbiyevlə Qabil düşdülər. Mən də düşdüm. Çatıb Ziya müəllimlə görüşdük. Onun əlində içərisində kitablar olan - parçadan əl ilə tikilmiş bir zənbil var idi. Mən zənbili ondan almaq istədim. Amma - özüm götürərəm - deyib vermədi. Sonra Bəkir müəllim məni Ziya müəllimlə tanış etdi.
Maşına minməmişdən əvvəl içəridəkilərə bir xeyli baxdı. Hətta onlardan birini tanımadı da. Həmin adam özünü nişan verdi. Yalnız bundan sonra maşına əyləşdi. Maşın yola düşdü. Mənim gözüm Ziya müəllimdə idi. O, elə hey sürücüyə suallar verirdi. Özü də elə suallar ki... Elə bil bu neftçalalı sadə sürücü ilə neçə illərdir tanışdır. Arada arxaya da çevrilir, orada əyləşənlərlə də söhbət edirdi.
Salyana necə gəlib çatdığımızdan xəbərimiz olmadı. Neftçalaya tərəf yol başlayanda Ziya müəllim məni irəli çağırdı:
- Gəl yaxın otur, burdan o yana sən bizə bələdçilik edəcəksən - dedi.
Mən yaxın gəlib irəlidəki kiçik taxta kətilin üstündə əyləşdim. Kəndlər haqqında bir-bir ona məlumat verirdim.
Dördlər kəndinə çatanda dedim ki, bura Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun kəndidir.
Ziya müəllim bildirdi ki, "Qafqaz dağları ətəyindən Berlinədək” kitabında Ağaşirin Cəfərov haqda yazıb.
- Amma yaman qəribə adam idi, - Ziya müəllim Ağaşirin Cəfərov haqqında danışmağa başladı. - Sadəlövh, hər şeyə inanan. O qədər sadə adam idi ki, Sovet İttifaqı Qəhrəmanı ola-ola ömrünün sonuna qədər traktorist işlədi, - mənə baxdı, - elədir, düz deyirəm?
Ağaşirin Cəfərov bizə qohum olduğu üçün onu yaxşı tanıyırdım. Ziya müəllimin dediklərinin hamısı həqiqət idi.
... Bir azdan Neftçala şəhərinə çatdıq…
Görüşün başlanmasına hələ xeyli qalsa da, artıq sarayın qarşısında xeyli adam vardı. Böyük binanın qarşısına qonaqları salamlayan iri bir plakat vurulmuşdu. Şəhərimizin yaşıllığı, təmizliyi və səliqəsi qonaqların xoşuna gəlmişdi. "RAF” bizim qapıya çatıb dayandı. Mən tez maşından düşdüm. Atam qapıya çıxdı. Gələn qonaqlarla, daha doğrusu, köhnə dostları ilə bir-bir görüşdü. Onları həyətə dəvət elədi. Yazın ən gözəl çağı idi. Həyətimizdəki qızıl gül kolları bir-birinə qarışmışdı. Ətirləri həyəti başına götürmüşdü. Qonaqlar yuxarı qalxmağa tələsmirdilər. Bir müddət həyətdə gəzdilər. Ziya müəllimin kefi kök idi, gül-çiçəyi iyləyir, həyətdəki kiçik uşaqların başını sığallayır, cibindən konfet çıxarıb onlara paylayır, adlarını soruşurdu. Sonra əlindəki zənbildə olan kitabları atama verdi:
-Al, - dedi, - sənin üçün hədiyyə gətirmişəm.
Bu, Türkiyədə çap olunmuş, 3 cilddən ibarət, nəfis tərtibatlı, yaşıl cildli "Türkiyə tarixi”, həmçinin Z.Bünyadovun redaktəsi, qeydləri ilə çap olunmuş A.Bakıxanovun "Gülüstani İrəm” əsəri, bir də başqa bir kitab idi.
O, üstündə "Soyuz Apallon” yazılmış parçadan tikilmiş boş zənbili əlində saxlamışdı. Mən zənbili ondan istədim. Bakıda olduğu kimi, bu dəfə də zənbili mənə vermədi:
- Mənə lazım olacaq - dedi.
- Gedəndə verərəm, - dedim.
- Birdən yadından çıxdı, - mənimlə zarafat elədi.
- Çıxmaz, - dedim.
- Bax, ver deyirsən, verirəm, amma gedəndə hökmən verərsən özümə.
Qonaqlardan kimsə yaxında idi. Soruşdu ki, Ziya müəllim bu zənbili nə çox istəyir belə?
- Bunu mənə Tahirə xanım öz əlləri ilə tikib, - dedi, - bir yerə kitab, jurnal aparanda bu zənbildən istifadə edirəm...
- Bura bax, - Ziya müəllim bir anda ciddiləşdi, - gedəndə zənbilimi qaytararsan, eşitdin?
- Oldu!
Atam xudmani bir süfrə açmışdı. Məclisin ağsaqqalı Ziya müəllim idi. Müxtəlif mövzularda söhbətlər edir, sağlıq deyir, hər bir qonağa ayrıca söz verirdi. Mən kitabxanamızdan Ziya müəllimin "Azərbaycan VII-IX əsrlərdə” adlı kitabını gətirib ona verdim ki, avtoqraf yazsın. Ziya müəllim kitabı alıb:
- Yaxşı, Etibar bəy yazım, ya Etibar müəllim, - soruşdu və sonra da mənim cavabımı gözləməyib - Etibar müəllim yaxşıdır, - dedi və kitaba avtoqraf yazdı.
Atam evimizə başqa qonaqlar gələndə etdiyi kimi bu dəfə də fotoqraf çağırmışdı. Fotoqraf tez-tez şəkillər çəkirdi. Mən öz uşaqlarıma bir gün qabaq demişdim ki, sizin Ziya Bünyadovla şəklinizi çəkdirəcəm. Və istəyirdim ki, bu şəkil həyətdə çəkilsin.
Ziya müəllimə yaxınlaşıb:
- Ziya müəllim, - dedim, - beş dəqiqəliyə həyətə düşə bilərsiniz, uşaqlarla şəkil çəkdirmək üçün?
Şüxluqla:
- Niyə düşmürəm, - dedi və ayağa durdu. Bayaq evə girəndə pencəyini çıxarıb asılqandan asmışdı, - o pencəyi mənə ver, - dedi, - qoy ulduz da düşsün.
Pencəyini əyninə geydi. Həyətə düşdük. Uşaqları — Əbil ilə Türkanəni çağırdım.
- Atanı da çağır, - dedi.
Atam da həyətə düşdü. Ziya müəllim atama:
- Gəl əvvəl səninlə şəkil çəkdirək, - dedi.
Ağaşirin Cəfərovun yaxın qohumu olan fotoqraf əvvəlcə Ziya müəllimlə atamın şəklini çəkdi. Sonra isə Ziya müəllim uşaqları yanına çağırıb onları qucaqladı və fotoqrafa:
- Hə, indi çəkə bilərsən, - dedi.
Sonra təzədən yuxarı qalxdıq və qonaqlar ailəmizin bəzi üzvləri ilə birlikdə şəkil çəkdirdilər. Bu zaman Ziya müəllim mənim qızım Türkanəni yanına çağırdı. 6 yaşlı Türkanəni qucaqlayıb fotoqrafa:
- Bizim şəklimizi belə çək, - dedi.
Bir azdan rayon rəhbərləri gəldilər.
Artıq iclasın başlanmasına on-on beş dəqiqə qalırdı. Ayağa qalxdılar. Amma hələ də tələsmirdilər. Həyətimizdə də bir neçə şəkil çəkdirdilər. Bir də gördüm Ziya müəllim məni axtarır:
- Tez zənbili gətir.
- Ziya müəllim, zənbillə iclasa getməyəcəksiniz ki...
- Bəs indi nə təhər olsun?.. Axır ki, istədiyini elədin, kişi kimi zənbilə sahib durdun... Eybi yox... (Həmin zənbili Ziya müəllimdən bir yadigar kimi indi də saxlayıram.)
... Çətin, ağır vaxt olsa da, bu görüşə xeyli adam gəlmişdi. Hətta qonşu Salyan rayonundan da gələnlər var idi. Saraydakı bütün yerlər tutulduğu üçün bir xeyli adam içəri keçə bilməmişdi. Bu maraq bir tərəfdən Əli bəyə görə idisə, digər səbəb, heç şübhəsiz, qonaqlara — respublikanın tanınmış şəxslərinə, ən çox da Ziya müəllimə görə idi... Həm də Ziya müəllimin rayona gələcəyi camaata bir neçə gün əvvəldən məlum idi.
O da yadımdan çıxmır ki, sarayın qarşısında olan polis işçiləri Ziya Bünyadovu görərkən necə rəsmiləşdilər. Komanda alıbmışlar kimi dayanıb Ziya Bünyadovu heyrət dolu maraqla izləmələri həqiqətən də maraqlı an idi. Onu da xatırlayıram ki, adamla dolu iclas salonuna keçərkən, xeyli adam məndən soruşurdu ki, Ziya Bünyadov gəlib, ya yox?
Qonaqlar səhnədə göründülər. Hamı ayağa qalxdı. Alqış səsləri uzun müddət kəsilmədi. Çoxunun gözü Ziya müəllimdə idi. Sonra icra başçısı qonaqları bir-bir təqdim elədi. Hər təqdimatdan sonra alqış nidaları qopurdu. Şübhəsiz ki, ən çox alqışlanan Ziya müəllim oldu. Məruzəni atam elədi. Məruzə bütövlükdə Əli bəyin həyatına, dövrünə, yaradıcılığına həsr olunmuşdu. Sonra Bəkir Nəbiyev danışdı. O, akademiyada Əli bəylə bağlı görülən işlərdən, onun irsi, əsərlərinin nəşri barədə, görüləcək işlər haqqında məlumat verdi.
Sonrakı natiqlər isə Əli bəydən danışsalar da, ən çox müasir günümüzdən, çətinliklərdən, erməni silahlı qüvvələrinin öz havadarları ilə xalqımızın başına gətirdikləri faciədən danışdılar. Sonra Əzizə xanım danışdı. O qısa çıxış etdi. Bu vaxt ərzində Ziya müəllimin hirsi soyudu. Sonralar, onun faciəli vəfatından sonra Ziya müəllimin həyat yoldaşı Tahirə xanımın Ziya müəllim barədə xatirələrini oxuyurdum. Orada Tahirə xanım deyirdi ki, Ziya müəllimin hirsi on dəqiqədən artıq çəkməzdi.
Ziya müəllimə söz verildi. Hamı onu - bu böyük şəxsiyyəti alqışlayırdı. Əlini bir neçə dəfə qaldırandan sonra nəhayət, salon sakitləşdi. O, Əli bəy haqqında qısa danışdı. Ən çox indiki günümüzdən, hiyləgər, qorxulu düşmənimizdən söz açdı. "Ayıq olmalıyıq” dedi. Bir-birimizin dediyi bir-birimizin boğazından keçməlidir. Ağsaqqal özünü ağsaqqal kimi, gənc də özünü gənc kimi aparmalıdır. Biz bura Əli bəy Hüseynzadənin yubileyinə toplaşmışıq. Qeyri-adi zəka - ensiklopedik bilik sahibi olan Əli bəyin ruhu bu gün çox təəssüf ki, narahatdır. Nə vaxta qədər ki biz düşməni tam susdurmamışıq, yenilməzliyimizi anlatmamışıq o vaxta qədər Əli bəyin ruhu aram olmayacaq. Biz həm də, Əli bəyin ruhu naminə birləşməliyik... Mən xalqımın müdrikliyinə inanıram. Tale bizi əsrlər boyu çox sınaqlara çəkib... Bu gün də sınağa çəkilmişik və əminəm ki, bu sınaqdan da alnıaçıq çıxacağıq...
Sonra Ziya müəllim Neftçala haqqında danışdı:
— Neftçalada gördüklərim məni sevindirdi. Abad, səliqəli şəhərdir. - Sonra üzünü atama tutdu. - Eşq olsun mənim köhnə dostuma, Sizin müəllimə ki, belə bir görüşü təşkil edib və məni bu görüşə dəvət edib. Bu adi deyil, bu, tarixi bir görüşdür; həm sizin üçün, həm də bizim üçün. Qollarını çırmayıb belə iş görənləri mən çox qiymətləndirirəm. Onlara böyük hörmət bəsləyirəm. Ona görə də Sizin müəllimə bir daha eşq olsun! deyirəm...
İclas qurtardı. Amma salon uzun müddət boşalmadı. Adamlar dəstə-dəstə qonaqların başına toplaşıb söhbət edirdilər. Ən çox adam Ziya müəllimin ətrafına toplaşmışdı. Universitetin tarix fakültəsində oxuyan bir qız yazdığı elmi işlə bağlı Ziya müəllimə nə isə danışırdı. Mövzu çətin olduğu üçün tələbə qız çətinlik çəkdiyini dedi. Ziya müəllim:
- Mən sənə köməklik edərəm, - dedi, - Bakıda hökmən mənə dəy. Həm kömək edərəm, həm də lazım olan ədəbiyyatı sənin üçün taparam.
Ziya müəllimin bu sadəliyi, adiliyi qarşısında tələbə qız özünü o qədər itirmişdi ki, daha bir söz deyə bilmədi.
Ziya müəllim əlini döş cibinə salıb iki vizit vərəqi çıxardı. Birini qıza verib:
- Al, bu da vizit vərəqəm. Burada həm telefon nömrəm var, həm də ünvanım.
İkinci vizit vərəqəsini isə mənə uzatdı:
- Bunu da sənə verirəm, - dedi. - Məndən yadigar qalsın.
Ziya müəllim salonu böyük bir izdihamın əhatəsində tərk etdi.
... Həmin gün qonaqlar atamla birlikdə gəmi gəzintisində oldular. Vaxtı ilə Səməd Vurğunun çox arzuladığı, amma vaxtsız gəlmiş amansız əcəldən görə bilmədiyi Kürlə Xəzərin birləşdiyi yerdə olmuşdular. Atam sonradan danışırdı ki, Ziya Bünyadov gəmi gəzintisi zamanı olduqca şən, gümrah, qayğısız imiş.
... O görüşdən sonra Ziya Bünyadovu cəmi bir dəfə gördüm. Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi "İsmayilliyyə” binasında. Birinci mərtəbənin pilləkənlərinin başlanğıcında bir nəfərlə dayanıb söhbət edirdi. Böyük adamlar həm də əzəmətli olurlar. Mən uzaqda dayanıb bu əzəmətli kişiyə, böyük vətəndaşa, nəhəng alimə xeyli müddət tamaşa elədim... Mənim Ziya Bünaydov haqqında xatirələrim bu qədərdir. İndi Ziya müəllimin uşaqlarımla - Əbil və Türkanə ilə çəkdirdiyi şəkli çərçivəyə salmışam, evimin divarından asmışam. Verdiyi vizit vərəqini də həmin şəklin bir küncünə qoymuşam... Həmin şəkildə Ziya müəllimin üzündə ülvi bir təbəssüm var. O, mənim yadımda elə belə də qalıb...

Etibar ƏBİLOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN