AZE | RUS | ENG |


Maşın bazarında vəziyyət: təklif tələbi qarşılamır

Maşın bazarında vəziyyət: təklif tələbi qarşılamır
Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyib: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”. Maşın bazarının indiki vəziyyətini, idxalın qiymətlərin hansı səviyyədə olduğunu öyrənməyə çalışdıq.
 
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıqiymətlərdə elə də ciddi fərq olmadığını deyir: "Benzinlə işləyən maşınların qiymətlərində bir az ucuzlaşma var.  Amma  bütün hallarda, Azərbaycana xaricdən  avtomobil gətirilmədiyinə görə, qiymətin aşağı düşməsi o qədər də nəzərə çarpmır. Belə deyə bilərik ki,  bir-iki ay bundan əvvəlki ilə indiki arasında  ciddi fərq yoxdur. Yay aylarında brend markaların qiymətlərdə artım var idi. Havalar isti keçdiyindən insanlar sərinlədicisi və hər bir halda  rahat olan avtomobili seçirdi. Amma indi vəziyyət başqadır.  Alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də işlənmiş maşınlar bazarda daha çox dövr edir. Xüsusilə də, Rusiya Çin istehsalı olan maşınların satışı bazarda artıb. Neftçalada avtomobil  zavodu tikilib. İndi gözlənilir ki, Azərbaycanın özünün daxili bazarı  üçün avtomobil istehsalına başlanılacaq. Ola bilsin ki,  həmin maşınlar da satışa çıxandan sonra bazarda canlanma yaransın. O avtomobillər gömrük rüsumundan azad olduqları üçün,  yəqin ki, münasib qiymətə satışa çıxardarlar”.  
 
Müsahibimiz hazırda maşın alandan çox satanın olduğunu deyir: "Əslində, maşını satan da, alan da 70 faiz maşın alverçilərinin özləridir.  Əsasən də onlayn satış saytlarında istifadə edərək, maşın alverini həyata keçirdirlər. Əksəriyyəti maşını alır, hansısa kosmetik dəyişikliklər edib, bir az baha qiymətə bir başqasına satırlar. Yəni bazarda hazırkı vəziyyət budur. Ciddi bir canlanma və ya qiymət dəyişikliyi yoxdur.  Maşın  salonları belə tükənib. Çünki onlar hətta üçüncü əl avtomobilləri belə xaricdən gətirirdilər. Bu gün o qiymət bir neçə dəfə baha gəlib çıxır. Yəni 10 minə gələn maşın bazarda 25-30 minə olur. Ona görə də, hələ ki vəziyyətdən çıxmaq üçün avtosalonlar da daxili bazarda olan maşını alıb, müəyyən dəyişiklik etməklə baha qiymətə satırlar. Təzə maşınlara meyl azdı. Çünki qiymətlər dolların bahalaşmasından sonra ən azı ikiqat qalxıb”.
 
E.Muradlı insanlar daha çox yanacaq sərfiyyatı ilə işləyən avtomobillərə üstünlük verdiyini bildirdi: "Benzinlə işləyən maşınların qiymətində bir az durğunluq yarandı, hətta deyərdim ki, qiymətində də aşağı düşmələr oldu.  İnsanlar daha az yanacaq sərfiyyatı olan maşınlara üstünlük verirlər. Sadəcə, indi əsas diqqət dizel yanacağı ilə işləyən avtomobillərədir. Bu yanacaqla çalışan maşınların dövriyyəsi genişlənib. Amma onun da bir problemi var. Belə ki, bu gün bir sıra Avropa ölkələri dizellə işləyən maşınlardan imtina etmək barədə qərar qəbul edib.  2020-ci ilə qədər bəzi inkişaf etmiş ölkələr  həmin yanacaqla işləyən maşınların istehsalını və istismarını qadağan etmək fikrindədirlər. Bu da ekoloji problemlərlə bağlı atılan addımdır. Həmin ölkələr vətəndaşlarını, ekologiyalarını düşünərək belə bir keçid etmək istəyirlər. Düşünürəm ki, onların  atacağı bu addım avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb olacaq”. 
 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Ramil Osmanlıbildirir ki, qiymət artımına təsir göstərən əsas səbəblər mövsümlə bağlı deyil: "Bəzən kimsə bunu fəsil dəyişikliyi ilə əlaqələndirir, amma belə deyil. Burada əsas səbəb bazarda təklifin kəskin şəkildə məhdudlaşmasıdır. Faktiki olaraq xırda və orta sahibkarlar da bildirirlər ki, hazırda alıcılıq qabiliyyəti normaldır, tələb var. Amma o tələbi qarşılamaq üçün təklif mövcud deyil. "Yəni satmağa maşın tapmırıq” ifadəsi daha aktualdır. Bilirsiniz ki, ölkəmizə xaricdən idxal çox kəskin şəkildə azalıb. Köhnə avtomobillərin gətirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Buna görə də, tələbi yalnız yerli istismarda olan maşınların hesabına qarşılamaq mümkün olur.  Amma bunu da etiraf etmək lazımdır ki, indiki şəraitdə təklif tələbi qarşılamır. Bu səbəbdən də qiymətlər artır. Son iki ildə qiymət artımına daha çox maliyyə bazarında baş verən hadisələr təsir göstərirdisə, indi isə vəziyyət bir qədər fərqlidir. Hazırda təsir göstərən əsas səbəb bilavasitə tələb və təklif arasındakı fərqin tələbin xeyrinə dəyişməsi, tələbin təklifi üstələməsidir.
 
Ekspertdən ölkəyə maşın idxalının azalma səbəbini də soruşduq: "Son illərdə ölkəmizdə bəzi inzibati qərarlar qəbul olundu. Məsələ ekoloji standartlarla bağlıdır. Avro-4 standartının tətbiqindən sonra Azərbaycana avtomobil gətirilməsində çox kəskin şəkildə azalmalar müşahidə olundu. Məsələn Almaniya, Cənubi Koreya, Türkiyə, Yaponiya və bu tip ölkələrdən gətirilən nəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlər kiçik və orta sahibkarların bu sahədən uzaqlaşmağına səbəb oldu. Digər tərəfdən isə yeni maşınlara tələb az olduğundan, satış səviyyəsi aşağı düşdü. Bu da idxalın məhdudlaşmasına səbəb oldu. Onu da qeyd edim ki, hazırkı şəraitdə alıcılıq qabiliyyəti yüksək qiymətləndirilsə də, ötən illərlə müqayisədə xeyli dərəcədə azalmışdır. Buna görə də, gətirilən avtomobilin satılmamaq riski ölkəyə maşın idxalına təsir edir”.
 
"Vip Escort MMC”nin bas direktoru, avtoekspert Rəşad Quliyevmaşını tez satmaq üçün satıcıların qiymətdə bir az güzəştə getdiklərini deyir: "Məktəblərin açılması ilə əlaqədar olaraq satış tempi müəyyən qədər aşağı düşüb.  Amma qiymət stabildir. Son aylar olduğu kimi qalıb. Sadəcə, alıcı qıtlığı olduğundan avtomobili tez satmaq istəyənlər qiymətdə 10-15 faiz  güzəştə gedirlər. Ölkədə "Mercedes”in komfort modellərinə xüsusi maraq var. Bunun əsas səbəbi isə turizmdir. Qonaqların qarşılanması, onlara xidmət zamanı daha çox bu maşınlardan istifadə edirlər”.
 
Günel Azadə 
 
 
 
 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN