AZE | RUS | ENG |


Ədəbiyyat qeybət yeri deyil

Ədəbiyyat qeybət yeri deyil
Qan Turalı: “Mənə elə gəlir ki, yazıçının qarşısında duran ən vacib, ən ali məqsəd onun sözün əsl mənasında, özünü tapmasıdır”

– Sizin üçün ədəbiyyat nədir?
– "Ədəbiyyat nədir?” sualı ədəbiyyatın, məncə, ən fundamental sualıdır. Hər şey bu suala cavabla başlayır və bitir. Altı il fəlsəfə fakültəsində oxudum. Diplom işimin mövzusu bilirsinizmi nə idi? "Fəlsəfi təfəkkürün spesifikası”. O zaman da düşünürdüm ki, əslində, mən ötüb keçən bu illər, doyumsuz mütaliə və uzun düşüncələrdə, ancaq bir suala, "fəlsəfə nədir?” sualına cavab axtarmışam. Ədəbiyyatın nə olduğunu on il əvvəl başqa bir şey kimi təsəvvür edirdim. İyirmi il qabaq, ancaq oxucu olduğum günlərdə ədəbiyyat mənə indikindən çox fərqli gəlirdi. İndi başqa şeylər düşünürəm. Psixoloqlar deyir ki, insanın hər hansı bir mövzuya münasibəti öz ömrü ərzində düz üç dəfə dəyişir. Biz daha xəyalpərvərik, mövzunu çox dəyişirik. Yaş keçir, fərqli hadisələr görürük, dünya dəyişir, dünən bizə başqa cür gələn kitab, bu gün başqa cür təsir edir, dünən bizi incidən bir problem bu gün komik bir şeyə çevrilir, bu gün biz başqa fəlsəfi suallarla, ədəbi problemlərlə üzbəüz dayanırıq. Yazıçısansa, "ədəbiyyat nədir?” sualına verdiyin cavab sənin yazı haqqında düşüncəni müəyyənləşdirir. Oxucusansa, oxu rasionunu. Ədəbiyyat mənim üçün gerçəkliyin dərkidir. Bir insan özünü ədəbiyyat vasitəsi ilə dərk edə, öz ömrünü, öz mahiyyətini mənalandıra bilər. Özünü dərk edən insanların, ya da buna çalışan insanların işidir ədəbiyyat. Yoxsa əlinə keçən kitabı oxuyub, ardınca da özünü ona-buna oxşatmaq istəyənlərin işi deyil. Mirzə İbrahimov haqda bir hadisə danışırlar. Ölümqabağı deyib ki, yazıçı özünü, aktyor isə başqalarını ifadə etməli imiş. Ölümqabağı dərkə bax! 

– Mütaliə haqqında yazılarınız çoxdur, hətta roman qəhrəmanlarınız belə roman oxucusudur…
– Doğrudan da… Məni o insan maraqlandırır. Təkcə asudə vaxtını deyil, həyatını romanla keçirdənlər maraqlıdır mənə. O insanlar ekzistensional bir həyat yaşayırlar. O gün oxuduğum kitabda bir cümləyə rast gəldim, sonra qələm-kağızı götürüb 3-4 səhifə yazdım. "Qələm” sözünü məcazi mənada demirəm, doğrudan, qələmlə yazdım. O cümlə nə idi? Deyirdi ki, mən özümü daim bir film, ya da roman qəhrəmanı kimi təsəvvür edirəm. Təsadüfə bax, Murakaminin romanında da belə bir yer tapdım: "Dünyada bir çox insan özünü roman obrazı kimi təsəvvür edir. Mən də onlardan biriyəm. Maşının sürət qutusunu düşün. Özünü roman qəhrəmanı kimi hiss etmək əzablı dünya ilə aramızdakı sürət qutusudur. Kimsə, nəsə bizi narahat edirsə sürət qutusunun rejimini dəyişdiririk. Beləliklə, içimizdəki kövrəkliyi qoruyuruq”. Sanki mən də eləyəm. Bir roman qəhrəmanı kimi. Bu, bəlkə də reallıqdan qaçışdır, xəyalən qurduğun dünyada yaşamaqdır. Bilmirəm, amma o cürə yaşayıram. Hə, bir də, adi insanlar mənim nəsrim üçün yaddır. Onlarda da böyük ədəbiyyat var, ola bilər, mümkündür, inkar etmirəm. Sadəcə, roman oxumayan bir qəhrəmanım ya heç olmadı, ya da hekayədə-filanda olub. Belə olanda qəhrəmanın üzərinə böyük bir fəlsəfə, böyük bir məna yükləyə bilmərəm. 
Mütaliə mənim üçün nəyisə öyrənməkdən çox bir hüzur məsələsidir, meditasiyadır. Mən mütaliə zamanı heç zaman olmadığım qədər xoşbəxt oluram. Qəribəsi odur ki, bəzən aylarla əlimə kitab götürmürəm. Uzaq qalıram. Sonra yolunu azmış oğulun qayıtması kimi kitaba qayıdıram. Kitab oxumağı kitab yazmaqdan çox sevdiyimi desəm, məni neçə adam anlayar ki? Amma deyirəm. Kitab yazmaq məşəqqətlidir, ağırdır. Amma kitab oxumaq elədirmi? Çay kənarında oturmaq kimidir kitab oxumaq. Həyatın bütün həqiqətlərini görmək kimi. 
 
– Gec mütaliəni, mütaliə görməmişliyini ardıcıl tənqid  edirsiniz...
– Nə qədər ardıcıl olduğunu siz daha yaxşı bilirsiniz (gülür).  Amma bu barədə danışan təkcə mən deyiləm. Bu narahatlığı gözəl tərcüməçi və ədəbiyyatşünasımız Seyfəddin Hüseynli çox dəqiq və təfərrüatlı şəkildə şərh eləmişdi. Bilirsinizmi... Kitablar gözəldir, əlbəttə. Amma onlar insanı aldada da bilir. "Kapital”a aldananlar kimi... Ya da "Mənim mübarizəm”ə. Dini kitablara... Kitab həm də təhlükədir. Mən geniş sosial hətta qlobal plastda deyirəm. Amma kiçik müstəvilərdə də bu qayda işləyir. Yazıçı var, oxuduğunu anlayacaq qədər baqajı yoxdur. Aldanır oxuduğuna. Öz daxili səsini boğur. Oxuduğunun ardınca gedir. Bu minvalla, biz çoxlu yazıçı itirmişik indiyə qədər. Səbəb nədir? Görməmişlik. Aydın Dadaşov demişkən, əyalət teatrının rejissorunun Tarkovski olmaq istəyi. Tarkovski ola bilməyəcək, ara yerdə özünü də itirir. Qorxulu istəkdir. Yazıçının aydın dünyagörüşü, intellektual potensialı olmalıdır. Mövlud Süleymanlı dünya ədəbiyyatını xətm eləsə də, Yusif Səmədoğlu ola bilməyəcəkdi. Mövlud Süleymanlı "Dəyirman”da gözəldir. Amma öz "dəyirman”ını qoyub Keçəl Həmzənin dalınca gedən o qədər adam gördüm ki. Qəribəsi nədir? Mən daima maarifçiliyi təbliğ eləmişəm. Daima... Oxumağı, dünyanı öyrənməyi, fərqli ədəbiyyat dadlarından həzz ala bilməyi. Amma sonralar gördüm ki, yazıçılarımızın bir çoxu oxuduqlarından düzgün nəticə çıxarda bilmirlər. Gülünc, gülməli nəticələrə gəlirlər. Çünki baqaj yoxdur. Dünyagörüşü məhduddur. At arabası ilə Parisə getmək olmaz. Nostalgiya kimi imkansızdır. Və yenə deyirəm, mütaliə sürəkli prosesdir. Uşaqlıq yaşlarından başlayan bir proses. Havaya düşüb üç il gecə-gündüz oxumaqla insan yalnız aza bilər. Paris əvəzinə Ərdəbilə gedib çıxar və deyər ki, Şan Elizedi bura. Məsələ də elə budur...      
 
– Sanki kimlərisə hədəfə alırsınız bu sözlərlə... 
– Qətiyyən. Təkcə bu məsələdə yox, ümumiyyətlə, bütün məsələlərin fərdlər üzərindən müzakirə olunmasının əleyhinəyəm. Fərdlər polemikalar yaradır və ən pisi də odur ki, diqqəti əsas problemdən yayındırır. Hamı özünü təmizə çıxarmağa çalışır. Deməyim odur ki, oturub bu haqda düşünsələr.  Mən fikirlərin müzakirə edilməsinə tərəfdaram, nəinki fərdlərin. Ədəbiyyat qeybət yeri deyil, qeybət stolunda fərdlər müzakirə olunur. Halbuki ədəbiyyat lap başdan bəri düşüncələrin, ideyaların toqquşmasıdır, onların savaş meydanıdır. Mən nəzəri bir şey deyirəm, praktikada da tendensiyalaşmış bir meyldən bəhs edirəm. Yazıçını sənətin nüvəsindən uzaqlaşdıran hər şeyə qarşıyam. Bu siyasət də ola bilər, din də ola bilər. Eləcə də marjinallaşmış ədəbi prinsiplər də. Yazıçı hər şeydən qabaq özünü dərk etməlidir. Özünü anlamalıdır. Və bir düşüncə adamı kimi öz mütaliəsini də, təfəkkürünü, dünyagörüşünü də idarə etməyi bacarmalıdır. Fani küləklərin, cari ideyaların, marjinal fikirlərin arxasınca getmək sənəti məhv edir. Tarix bu nümunələrlə doludur. Qoqol nümunəsi kifayət edirmi? 
 
– "Çiyələkli gecənin pornoqrafiyası” hekayəsində qeyd etmisiniz ki, yazdıqlarım onsuz da heç nəyi dəyişmir, amma yazıram. Bizdə ədəbiyyatın pul qazandırmaq avantajı, demək olar, yoxdur. Niyə yazırsınız? 
– "Çiyələkli gecənin pornoqrafiyası” yazdığım ilk iri həcmli əsərdir. Onu yazanda – 2007-ci ildə heç 23 yaşım olmazdı. Çox sonralar onu "9 hekayə” kitabıma salmaq istədim, nədənsə fikrimdən daşındım. Özüm o povesti unutmuşdum, sizin yadınızdadır (gülür). Yeri gəlmişkən, bir xatirə danışım. Xatirəsiz müsahibələr maraqsızdır. Heminqueyi düşünün, elektroşokla bütün xatirələrini itirdi və intihar etdi. Xatirəsiz bir yazıçı düşünmək olarmı? Yazıçını keçək, xatirəsiz insan ola bilərmi?  İsa Hüseynovun bir romanı var, 1952-ci ildə yazıb. Adı da "Bizim qızlar”dı. Elə də ciddi əhəmiyyəti olmayan bir əsərdir. Bu əsəri Mircəfər Bağırov oxuyub və görüb ki, sən demə, ildə iki dəfə tütün yığırlarmış. Amma planı bir dəfə verirlər. Mircəfər bunu bilmirmiş, ondan gizlədirlərmiş. Düz 60 il sonra bu əsər haqqında İsa müəllimə sual verəndə, o, əsəbiləşdi. Dedi, axı niyə o əsəri unutmursunuz (gülür). 
Qayıdaq, suala.  Ədəbiyyatın dünyada nəyisə dəyişməsi idealist baxış tərzidir. Nəyisə dəyişməməsi isə bir o qədər məhdud yanaşmadır. Karl Maks deyir: "Tarix məqsədyönlü insan fəaliyyətidir”. Düşünürəm ki, mütaliəsiz Tural başqa cür adam olardı. Mən metamarfozamı kitablara borcluyam. Və mənim tarixdə 0.00001 faiz rolum varsa, deməli, bu, həm də ədəbiyyatın roludur. Kitab oxuyan da ancaq mən deyiləm ki. Son nəticədə bu faizlər toplanır və ortaya böyük bir rəqəm çıxır. Tarixi insanlar yaradır və insanların düşüncəsini formalaşdıran ən mühüm istiqamət ədəbiyyatdır. Bu mənada ədəbiyyatın nəyisə dəyişdiyini düşünməmək mənə elə gəlir ki, absurddur. Ədəbiyyat tarixə də təkcə təsir etmir, həm də onu formalaşdırır da. 
Yaponlar ildə adam başına 25 kitab oxuyur. Fransızlar 7, isveçrəlilər 10. Amerika əhalisinin 21 faizi müntəzəm şəkildə kitab oxuyur. Bu ölkələrin nəhəng sənayesini, elmini, incəsənəti bu kitab oxuyan insanlar yaradıblar. Hə, bir də Afrika standartları da var. Ölkələrin inkişaf gücünü mütaliə səviyyələri ilə mütənasibdir. Biz bu yerdə misilsiz inkişafı mütaliədən ayıra bilərikmi?  
"Çiyələkli gecə”yə gəlincə, obrazın dilindən deyilmiş ifadəni müəllifin özünə aid etməkdə nə qədər haqlıyıq? Roman çoxsəsli əsərdir. Jan Valjandır Hüqo, yoxsa Tenardye? Bəlkə Fantina? Ya yepiskop? Yazıçıları obrazları ilə ayırmaq lazımdır.  
 
– Bəlkə də bu mütaliə mədəniyyətinin olmaması, yaxud düzgün formalaşmaması ilə əlaqədardır?
– Dünyanın hər yerində elitar ədəbiyyatla kütləvi ədəbiyyat arasında bir ziddiyyət var. Biz elə bilirik ki, almanlar səhər oyanan kimi Mahlerə qulaq asıb, opera dinləyir, "Faust” oxuyur. Dünyanın hər yerində ağıllı adamlar azlıqdadır.  O ölkələrdə belə bestseller ədəbiyyatı mövcuddur. Ucuz sevgi romanları, detektivlər... Türkiyədə çox oxunan ədəbiyyat siyahısında Orxan Pamuk nadirən gözə dəyə bilər. Bizim problemimiz bu deyil. Bizim problemimiz başqadır. Bizdə sadəcə olaraq normal ədəbiyyatın resursları çox aşağıdır. Eləcə də digər sənət sahələrində bu problemlər mövcuddur. Mən ucuz bir sevgi romanının lap bir milyon oxunmasının da əleyhinə deyiləm. Əksinə... Düşünərəm ki, insanlar kitab oxuyurlar. Biz də otuz-qırx min kitab sata bilsək, bu da bizə yetər. Nəticədə hər bir insan özü-özünü təyin edir. Oxucu da öz kitabını özü seçir, yazıçı da. Heç kimə minnət qoymaq lazım deyil. Kütləvi ədəbiyyatın adı üstündədir - kütləvi. Elə elitarın da adı üstündədir. Sadəcə bizdə elitar ədəbiyyatın tirajı o qədər kiçikdir ki. Az qala marjinal səviyyədə. On milyonluq ölkə üçün 1000 oxucu faciəvi rəqəmdir. Ölkə əhalisinin cəmi 1 faizi 100 min edir. Biz də 100 minin cəmi 30-40 minini istəyirik. İstəyirik ki, normal nəşriyyat sistemi qurulsun, əyalətlərdə kitab mağazaları açılsın. Bakıda kitab mağazalarının sayı indikindən on dəfə, iyirmi dəfə çox olsun. Bu sistem qurulmalıdır. Bu sistem qurulmur, amma biz əvəzində Elxan Elatlını qınayırıq. Elxanlar daim olacaq. Elatlılar da, Biləgənlilər (Cəfər Cabbarlının "Od gəlini” əsərinin qəhrəmanı – red) də... 
Bizim təhsil sistemi bu mənada da çox problematikdir. Sanki bu təhsil sisteminin məqsədi odur ki, necə edək gənclər kitab oxumasın. Mənə heç kim arqument göstərə bilməz ki, niyə milli dərsliklərimizdə ancaq Azərbaycan yazıçıları var. Ədəbiyyat deyilən şey bəşəri olmalıdır. Məktəbi qurtaran uşaq Dostoyevskini, Hüqonu, Servantesi, Tolstoyu tanımalıdır. 16 ildir ki, məktəbi bitirmişəm, hələ də kimyanın mənə lazımlığın görməmişəm. Ədəbiyyatın isə həyatın bütün sahələrində lazımlığı danılmazdır. Bundan başqa, insanın intellektual cəhətdən formalaşması üçün ədəbiyyat labüddür. Məsələn, Yaponiyadan biri gəlsə, biz onunla sulfat turşusu haqqında danışmayacağıq. Təbii ki, ən pis halda Murakamidən, onun qoyduğu bəşəri problemlərdən danışa bilərik...
Başqa bir məqam isə odur ki, Azərbaycan ədəbiyyatının klassikləri – Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev roman yazmayıb. Roman adına biz kimi öyrədirik? Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimovu... Beləliklə, məktəbli məktəbi yaxşı bir roman oxumadan bitirir. Roman oxumaq vərdişləri bir kənara dursun, məktəbli roman oxumadan attestat alırsa, bu halımıza ancaq və ancaq ağlamaq olar. Mən Tolstoy oxumayan bir insana sürücülük vəsiqəsinin verilmədiyi bir ölkənin həsrətindəyəm. Çoxmu şey istəyirəm?  
 
– Nəyə çox inanırsınız?
– Mən zəkanın gücünə inanıram. Hər şey də çox sadə görünür. Sadəcə olaraq faktları təhlil edərəm, nəticə çıxarmaq gərəkdir. Həyat da, idrak da budur. Hə, bir də əlbəttə ki, insan yönəlişli olmamalıdır, həqiqətin özünə susamalıdır. Həqiqətin özünə susamayanda, ədəbiyyatdan da, elmdən də, dindən də başqa məqsədlər naminə istifadə edəndə, o, iyrənc görünür. Ədəbiyyatı tamadalıq, dini şarlatanlıq, elmi rəyasət kimi görənləri deyirəm. Həqiqət ortadadır, ona gedən yollar da.  Zəka bizim malik olduğumuz ən dəyərli sərvətdir. Kimsə puç olmuş zəkasını ayaqları altına atıb bizim zəkamıza həqarət edirsə, onun özü gülünc vəziyyətə düşür. 
 
– Corc Oruelin "1984” romanını çox sevirsiniz...
– Bu əsər mənim içimdə çox böyük təlatümlər yaratmış bir romandır. Oruelin Nobeldən məhrum qalmasını taleyin çox böyük bir haqsızlığı sayıram. Düzdür, Oruel gənc deyiləcək bir yaşda vəfat etdi. Lakin mən "Cəsur yeni dünya” romanını oxuduqdan sonra "1984” romanının təsiri gözümdə bir az öləzidi. Mənə elə gəlir ki, Hakslinin bu romanı dövrümüz üçün daha aktualdır. İndi totalitar sistemlər daha yoxdur, olanlar da əvvəlki qədər güclü deyil. Lakin indi insanlar özləri könüllü şəkildə kapitalizmə təslim olurlar. Hakslinin romanında olduğu kimi. Bu mənada, Haksli elə bütün dünyada, xüsusilə də ikiqütblü dünya yarandıqdan bu yana çox daha populyar, daha çox həqiqət kimi görünür. Ya da belə deyim, Oruelin romanı Şimali Koreyada, Hakslinin romanı Amerikada da, Avropada da gerçəkləşir. 
 
– Dostoyevski ən güclü əsərlərində qəhrəmanlarını İsayla polimikaya çəkir. Yaxud Tolstoy "Anna Karenina”sında adi bir rus kəndlisini elə təsvir edir ki, o, çox böyük görünür. Lakin müəllifi olduğunuz "Fələk qırmancı”nda sufi Mehdi, əslində, qəhrəman jurnalist, yazıçı olsa da, əsər boyu kola ilə araq içən bir obraz ilə qarşılaşırıq. Bəs niyə oxucu onu böyük görə bilmir? 
– Mənə elə gəlir ki, "Fələk qırmancı” yüksək mənəviyyatı təbliğ edən əsərdir. Bir insanın içki içməsi o kəsin əxlaqını müəyyən etmədiyi kimi, mənəviyyatını da müəyyənləşdirmir. Bu mənada Mehdini qınamaq lazım deyil. 
 
– "Kulis” rəhbərliyində olmanız ədəbi tənqidin yazılarınıza daha diqqətlə yanaşmasına istər-istəməz təsir edirdi. Sizcə, yenə də əsərlərinizə eyni diqqət olacaqmı? 
– Danılmaz faktdır ki, Azərbaycanda elə tənqidçilər də var ki, hansısa vəzifədə olan adam haqqında yazılar yazmağa meyllənirlər. Bunu əsərə görə yox, vəzifəyə görə edənlərdən söhbət gedir. Hərçənd ki, mən böyük vəzifədə çalışdığımı düşünmürdüm. Bu cür ləyaqətsiz insanların fikirlərinə ehtiyacım yoxdur. Heç bir zaman da ehtiyacım olmayıb. Mən, təvazökarlıqdan uzaq olsa da deyəcəm, Azərbaycan ədəbiyyatının tarixini gözəl bilirəm. Haqqında mədhiyyələr düzülən əsərlərin indi harda olduğunu da yaxşı görürəm. Ədəbiyyat çirk götürmür. Mədhiyyə götürmür. Bir oxucu gecə yarı özünə çay süzüb sənin kitabını açırsa, çayla kitabın arasına heç bir tənqidçi girə bilməz.  Mənim intellektual qabiliyyətim ən azı yazdığımı qiymətləndirməyə çatır.  Məni heç kim hələm-hələm öz mətnimdə aldada bilməz. Bu, intellektdən əlavə, həm də iradə məsələsidir. Yazıçı var ki, Kamyu ilə müqayisə olunanda buna sevinir. Başqası Orxan Pamukla müqayisə olunub üstünlüyün özünə verilməsini istəyir.  Realist olmaq gərəkdir. Mənim haqqımda az qala bütün tənqidçilər çox gözəl təhlillər yazıblar. Və buna görə onlara həqiqətən minnətdaram. Belə bir ədəbi mühitdə tənqidçiliklə məşğul olmaq cəsarət və fədakarlıq tələb edir.  Ləyaqətli, savadlı tənqidçilərin ən ağır tənqidi belə xoşdur. Ləyaqət hissindən məhrum olanların bəy tərifi də dözülməzdir. 
 
– Kinoya istiqamətlənməniz sizi ədəbiyyatdan uzaq salırmı?
– Mən fərqləri yox, ümumilikləri, bütövlüyü görürəm. Kino da, fəlsəfə də, ədəbiyyat da mənim üçün bir bütövdür. Bir ssenari yazmışam. Onun çəkiləcəyinə çox böyük inamım var. Amma ədəbiyyatdan heç vaxt uzaqlaşa bilmərəm. Kino da elə ədəbiyyat, ədəbiyyat da elə kinodur və hər ikisi də fəlsəfədir. Həm film, həm də ədəbiyyat bütün zahiri, texniki tərəfləri kənara qoysaq hekayə anlatmırmı? Mən bu cür görürəm. Cavid demişkən, ayrı olsaq da həqiqətdə birik. 
 
– Sizcə, yazıçının intellektuallıq kriteriyasi nədir?        
– Bu çox vacib və maraqlı sualdır. Məsələn, mən peşə etibarı ilə ədəbiyyatçı deyiləm. Universitetə  sənəd verəndə ixtisas seçimində filologiya fakültəsini ən son anda çıxartdım. Nəticələr açıqlananda gördüm ki, yazsaydım ora düşəcəkdim, BDU-nun filologiyasına. Buna heç təəssüflənmədim də. 
Məsələn, ədəbiyyatşünaslar aid olduqları dövrü, onun ədəbi istiqamətlərini, əsas cəhətlərini yaxşı bilməlidirlər. Yazıçının qarşısında isə belə bir tələb yoxdur. Mənə elə gəlir ki, yazıçının qarşısında duran ən vacib, ən ali məqsəd onun sözün əsl mənasında özünü tapmasıdır. Dünya ədəbiyyatında çoxlu şair var ki, eləsindən bir misra qalıb, eləsindən heç nə qalmayıb. Bu baxımdan, yazıçı özünü tapmalıdır ki, özündən sonra nəsə qoya bilsin. Yazıçı öz ədəbi dünyagörüşünü, ədəbi düşüncəsini, öz ədəbi istiqamətini tapmalıdır. Bəlkə, klişe görünəcək, amma yazıçı öz səsini tapmalıdır. Məsələ də budur. Hay-küy dalınca getməklə olmur. Misal üçün, mən Folkneri oxuya bilmirəm. Bəlkə nə zamansa məni özünə çəkəcək. İnanırsınızmı, bu dəqiqə romanı stolumun üstündədir. Özümlə zarafat eləmək üçün qoymuşam. Amma heç bir qüvvə məni ona çəkmir. Türkiyədən sifariş verib poçtla gətirmişəm.  Başqaları da var bu cürə. İnsanı özünə çəkməyən. Yazıçı oxuduqları ilə yox, yazdıqları ilə dəyərlidir. Remarkı oxumağı sevirəm. Selinceri, Heminqueyi, Murakamini də. Onlardan nəsə öyrənirəmmi? Yəqin ki. Amma öyrənmək üçün oxumuram. Oxumaq üçün oxuyuram. Usta Zeynal demişkən, imam gərək adamı istəsin. 
Yazıçılar görürəm, mütaliəyə çox aludə olurlar. Bir dövr üçün olmalıdır bu. Bəlkə də yaşlanmışam. Heyrət hissim tam itməsə də, öləziyib. İnandığım bir şey var: yazıçı heç nəyə aludə olmamalıdır. Zamanın ötəri küləklərinə qapılmamalıdır. Ən ağır situasiyalarda belə özünün ədəbi varlığını, daxili dünyasını qorumalıdır. Yazıçı akademik yox, yazıçı olmalıdır. Çünki yazıçı adı dəyərlidir. Elə yazıçılar var ki, milyonlarla insanın hisslərinə tərcüman ola bilirlər. Bu ancaq güclü bir özünüdərklə mümkündür. Bu yolun bir hissəsi də kitablardır. Lakin kitablar da hər şey deyil. Budda ağacın altında oturanda kitab-zad oxumurdu. Oxuyub ora gəlmişdi. Bu mənada, idrak üçün mütaliədən çox fikrin daxili təkamülü önəmlidir. Şorba bişirmək kimidir. Lazım olan şeyləri qazana tökürsünüz, üstünə su töküb qaynamağa qoyursunuz. İdrak da bu cürdür. Lazımı qidanı aldıqdan sonra qaynamağa başlayır. Amma qazana əlinizə gələn hər şeyi töküb odun üstünə qoysanız yanar o. Yemək bişməz ki... Başı çox doldurmaq da ziyandır. Bir az yer də lazımdır tənəffüs üçün. İdraki nəfəs dərmək üçün. Həqiqəti tapmaq üçün. 
 
– Bir hekayənizdə Selincerin əsərindəki fikirdən istifadə də etmişdiniz. "Görəsən, qışda parkdakı göl donanda ordakı ördəklər hara gedirlər?”
– Bunu müşahidə etdiyinizə görə sizə minnətdaram. Bizin beynimizdə oxuduğum şeylərlə gördüyümüz hadisələr haqqında məlumatlar bir yerdə kodlanır. O səhnədə də obraz, əslində, oxuduğu bir şeyi həqiqət zənn edərək sürücüdən ördəkləri soruşur. Elə bilir Nyu-Yorkdadır. Selincer "Çovdarlıqda uçurumdan qoruyan” romanından çox, "Doqquz hekayə”sində, Frennidə özünü gizlədib. Çox insan o romana pərəstiş edir, amma məncə, gerçək Selinceri orda axtarmaq düzgün deyil.                                                                 
– İndiki Qan Turalı 7-8 il əvvəlki Qan Turalıya hansı cəhətləri ilə yaddır?
– Son illərdə mənəvi həyatımın ən qiymətli tapıntısı zen buddizm oldu. Zen buddizm mənim içimdə illərdir başqa ideyalarla mübarizə aparan zen ruhunu sanki diriltdi. Özümü zehni və ideya cəhətdən çox sağlam hiss etməyə başladım.  Zen insana müdriklik öyrədir. Xatirələrindən şikayətçi olmamağı öyrədir. Əzab çəkməkdən qoruyur. Hər şeyin olacağına varacağını böyük bir təmkinlə izah edir. Selinceri də indi çox yaxşı anlayıram. Yazmaq anlamaq cəhdidir. Selincer anladığı üçün daha yazmadı. Müdriklər yazmaz ki… Yazmaq bizim kimilər üçündür. 
Borxes deyirdi ki,  biz 1000 il yaşasaydıq həm quldur, həm peyğəmbər, həm dahi, həm əyyaş, həm də şair olardıq. Uzun yaşamaq bizə daha böyük və təhlükəli macəralar vəd edir. Amma bu gerçək deyil ki. Təəssüf ki, biz bir həyat yaşayırıq. Hər şeyi buna sığdırırıq. İnsanlar bu həyatı anlamaq əvəzinə "yenidən doğulsaydım nə olardım?” fikri ilə məşğuldurlar. Biz həyata mübarizə kimi baxırıq, onu çox mürəkkəbləşdiririk, qəlizləşdiririk. Qəlizləşdirdikcə də ondan uzaqlaşırıq.  Həyatla uyuşmaq gərəkdir. Əslində, ədəbiyyat həyatla mübarizədən hasil olur. Hessenin "Yalquzaq” romanını xatırlayın. Yalnız "Yalquzaq” romanını bütün varlığı ilə hiss edərək, bu romanın məhz özü haqqında olduğuna inanaraq oxuyan insanlar Hessenin Budda haqqındakı "Siddharta” romanını anlaya bilərlər. 
Məncə, bu həyatda Allahın heyvanı belə, məsələn, fil fil, çaqqal isə çaqqal olduğunu bilir. Bircə, insan kim olduğunu bilmir. Və özü üçün hətta tanrılar da düzəldir. Öz içinə, öz ruhuna baxmır. Özünü anlamır… 
 
Söhbətləşdi: Cahan Seyidzadə, Aysu Kərimova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN